22 noyabr tarixində Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi öz işinə başlayıb.
Azərbaycanın xüsusi təşəbbüsü ilə təşkil edilən, SPECA ölkələrini təmsil edən qurum və şirkətlərin iştirak etdiyi regional əhəmiyyətli sərgidə "AzerGold" QSC, onun timsalında törəmə şirkətlər – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC də təmsil olunur.
“AzerGold” QSC-nin sərgi guşəsində dövlət şirkətinin əsas fəaliyyət göstəriciləri, hasilat bölgələrində həyata keçirdiyi çoxsaylı ekoloji və sosial məsuliyyət tədbirləri haqqında təqdimat, audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.
Eyni zamanda sərgidə “AzerGold” QSC tərəfindən 2019-cu ildən ölkəmizin pərakəndə satış bazarına təqdim edilən qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr nümayişə çıxarılıb.
Həmçinin sərginin xüsusi guşəsində “AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilmiş, müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası vasitəsilə 3D formatında ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” adlı limitli qızıl sikkə nümayiş olunur.
Bundan başqa, Səhmdar Cəmiyyət SPECA-nın 25 illiyi münasibətilə istehsal etdiyi xüsusi gümüş sikkə nümunələrini sərgidə təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər sərginin açılış mərasimində iştirak edib, sərgi pavilyonuna, eləcə də “AzerGold” QSC-nin stendinə baxış keçirib.
Qeyd edək ki, sərgi 25 noyabr tarixinədək davam edəcək.