1. Ümumi müddəalar
    1. Bu Əsasnamə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “Cəmiyyət”) və Heydər Əliyev Mərkəzi (bundan sonra – “Mərkəz”) tərəfindən təşkil edilən yerli qızıl və gümüşdən hazırlanan sikkələrin dizaynı müsabiqəsinin (bundan sonra – “Müsabiqə”) şərt, qayda və tələblərini müəyyən edir.
    2. Müsabiqənin təsisçi və təşkilatçıları Cəmiyyət və Mərkəzdir.
    3. Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan, hər hansı digər dizayn və loqotiplərin elementlərini təkrarlamayan və pirat nüsxə hesab olunmayan nümunələr iştirak edə bilər.
    4. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar qızıl və gümüşdən hazırlanan sikkələrin onlayn platforması olan, Cəmiyyətə məxsus www.azergold.gift veb-səhifəsində yerləşdirilir.
    5. Qaliblər və Cəmiyyət arasında Əsasnaməyə əlavə edilmiş Müəllif müqaviləsi (bundan sonra – “Müqavilə”) (1 saylı əlavə) bağlanır.
    6. Qalib gəlmiş əsərlər üzərində “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq şəxsi (qeyri-əmlak) hüquqlar əsərlərin müəlliflərində qalır, əmlak (iqtisadi) hüquqları isə bağlanacaq Müqavilə əsasında Cəmiyyətə ötürülür.
  2. Müsabiqənin məqsədi
    1. Müsabiqənin əsas məqsədləri aşağıdakılardır:
      1. Qarabağın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi və mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli dizayn nümunələrinin seçilməsi;
      2. Qarabağda əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sisteminin elementlərinin və simvollarının Azərbaycan sikkələrində öz əksini tapması;
      3. Şanlı Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbəsinin təbliğ edilməsi;
      4. Gələcəkdə istehsal olunacaq yeni təsvirli sikkələrin dizaynı üçün həll çeşidliyinin artırılması;
      5. Yeni istedadların üzə çıxarılması və təşviq edilməsi.
  3. Müsabiqənin təşkili
    1. Müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi Cəmiyyət və Mərkəz həyata keçirir;
    2. Müsabiqənin keçirilməsinin təşkili məqsədilə Cəmiyyətin İdarə Heyətinin sədri tərəfindən müvafiq əmrlə təsdiq edilmiş İşçi Qrupu yaradılır. Təqdim edilmiş dizayn nümunələri üzrə müsabiqənin qiymətləndirmə mərhələsini müvafiq mütəxəssislərdən təşkil olunmuş münsiflər heyəti həyata keçirir.
    3. Münsiflər heyətinin tərkibi müsabiqənin İşçi Qrupu ilə razılaşdırılmaqla Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilir.
    4. Müsabiqənin keçirilmə müddəti İşçi Qrupu tərəfindən müəyyən edilir və ictimaiyyətə açıqlanır.
  4. Müsabiqədə iştirak
    1. Müsabiqədə könüllülük prinsipi əsasında, fiziki və hüquqi şəxslər iştirak edə bilər.
    2. Müsabiqədə iştirak etmək ödənişsizdir.
  5. Müsabiqənin şərtləri
    1. Təqdim olunan layihəni hazırlayan müəllif bir şəxs, komanda, şirkət və şirkətlər qrupundan ibarət ola bilər. Müəllif komanda, şirkət və ya şirkətlər qrupu olduğu təqdirdə, müsabiqə iştirakçısı qismində həmin komanda, şirkət və ya şirkətlər qrupunun təyin etdiyi şəxs çıxış edə bilər.
    2. Müsabiqəyə təqdim olunan dizayn nümunələri aşağıdakı mövzulardan birini ehtiva etməlidir:
      1. Qarabağın qədim mədəni irsi;
      2. Qarabağın qədim tarixi;
      3. Qarabağın simvolları;
      4. Şanlı ordumuzun zəfər yürüşü;
      5. Biz Qarabağa qayıdırıq;
      6. Əsirlikdən azad edilən abidələr.
    3. İştirakçı hər mövzu üzrə maksimum 2 dizayn nümunəsi təqdim edə bilər.
    4. Müsabiqəyə təqdim olunan hər layihə aşağıdakı texniki tələblərə cavab verməlidir:
      1. Dizayn layihəsi www.azergold.giftsaytının müsabiqə bölməsində “Dizayn göndər” alt bölməsi seçilərək müvafiq xanalar doldurulmaqla sayta yüklənilməlidir;
      2. Dizayn layihəsi “.jpeg” və ya “PDF” formatında yüklənilməlidir;
      3. Dizayn layihəsinin həcmi 5 mb-dan artıq olmamalıdır;
      4. Təqdim edilən layihənin adı və mövzusu müvafiq xanalarda qeyd edilməlidir;
      5. Təqdim edilən layihə qısa izahedici mətnlə müşayiət edilməlidir.
    5. Müsabiqənin nəticələri elan olunana qədər iştirakçı layihənin müvafiq proqramda yığılmış nüsxəsini (vizuallaşdırılmamış fayl) saxlamalıdır.
    6. Yüklənilən layihənin iştirakçıya aid olub-olmadığını yoxlamaq məqsədilə iştirakçıdan layihənin müvafiq proqramda yığılmış nüsxəsini (vizuallaşdırılmamış fayl) və ya eskizini münsiflər heyətinə təqdim etməsi tələb oluna bilər.
  6. Müsabiqənin keçirilmə mərhələləri
    1. Müsabiqə aşağıdakı 7 (yeddi) mərhələdən ibarətdir: 
      1. Müsabiqənin elan edilməsi;
      2. Müsabiqəyə layihələrin qəbulu;
      3. İşçi Qrup tərəfindən təqdim edilmiş bütün layihələrin ilkin texniki tələb və qaydalara uyğunluğunun yoxlanılması;
      4. Münsiflər heyəti tərəfindən dizayn nümunələrinin qiymətləndirilməsi və qaliblərin müəyyən edilməsi;
      5. Seçilmiş nümunələr arasında 1-ci, 2-ci və 3-cü yer tutmuş qaliblərin elan olunması;
      6. Müsabiqədə iştirak edən bütün layihələrin onlayn səsverməyə çıxarılması və qalibin seçilməsi;
      7. Qaliblər və Cəmiyyət arasında Müqavilənin imzalanması və mükafatların təqdim olunması.
  7. Dizayn nümunələrinin qiymətləndirilməsi
    1. Müsabiqəyə təqdim edilmiş dizayn nümunələri münsiflər heyəti tərəfindən anonim qaydada, 100 (yüz) ballıq sistem əsasında qiymətləndiriləcək. Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək bal toplamış 3 (üç) layihə qalib qismində elan olunacaq. Hər hansısa iki layihə eyni bal topladığı təqdirdə həmin iki layihə münsiflər heyəti tərəfindən təkrar qiymətləndiriləcək.
    2. Dizayn nümunələri estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında qiymətləndirəcək.
    3. Müsabiqədə iştirak edən bütün layihələr “www.azergold.gift” saytında onlayn səsverməyə çıxarılacaq. İzləyicilər tərəfindən ən çox səs toplamış layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək.
  8. Mükafatlandırılma
    1. İlk 3 (üç) yerin qalibi sertifikat və pul mükafatı ilə təltif ediləcək.
    2. Pul mükafatları aşağıdakı məbləğlərdə təqdim ediləcək: 1-ci yer – 3000 (üç min) AZN; 2-ci yer – 2000 (iki min) AZN; 3-cü yer –1000 (bir min) AZN.
    3. Onlayn səsvermənin qalibinə pul mükafatları aşağıdakı kimi təqdim ediləcək:
      1. Onlayn səsvermənin qalibi – 1000 (bir min) AZN.
    4. Qaliblərə mükafatların təqdim edilməsi yalnız 1 saylı Əlavədə nümunəsi göstərilən Müqavilənin imzalanmasından sonra həyata keçiriləcək.
  9. Tərəflərin öhdəlikləri
    1. Cəmiyyət müsabiqə üzrə aşağıdakı öhdəlikləri daşıyır:
      1. Müsabiqənin şəffaf, ədalətli və Əsasnamənin şərtlərinə uyğun şəkildə keçirilməsini təmin etmək;
      2. Əsasnamədə göstərilən şərtlərə uyğun olaraq qaliblərə mükafatları təqdim etmək.
      3. Müsabiqənin keçirilməsi ilə bağlı yaranan bütün xərcləri öz öhdəsinə götürmək.
    2. İştirakçılar müsabiqə üzrə aşağıdakı öhdəlikləri daşıyırlar:
      1. Müsabiqənin Əsasnaməsində göstərilən şərtlərlə tanış olmaq;
      2. Müsabiqəyə əsərlər təqdim edərkən əqli mülkiyyət, xüsusilə də, müəllif hüquqlarını pozmamaq;
      3. Müsabiqəyə dövlət siyasətinə və ya qəbul edilmiş əxlaq prinsiplərinə zidd mənalar daşıyan əsərlər təqdim etməmək;
      4. Qalib seçildikdən sonra əsərdən istifadəyə dair müstəsna hüquqların Cəmiyyətə verilməsi haqqında müqavilə bağlamaq.

Xəyyam Fərzəliyev

“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini

Emin Məmmədov

Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri, Əməkdar incəsənət xadimi

Akşin Vəliyev

Mərkəzi Bankın Baş direktoru

Arif Hüseynov

Xalq rəssamı

Natiq Fərəcullazadə

Əməkdar rəssam

Sənubər Qasımova

Tarix üzrə fəlsəfə doktoru

Nəriman Məmmədzadə

Art direktor

Fərid Rəsulov

Rəssam

Rəhim İsmayılov

Art direktor

Çingiz İsmayılov

Art direktor

Email:
contest@azergold.gift
Əlaqə nömrələri:
+994 12 505 02 02 (daxili nömrə 1302, 1304)
+994 50 602 05 05